BİZNES

08 phrase_var_core.december

Naxçıvanda Innovativ Texnologiyalı Tingçilik Layihəsi İstifadəyə Verildi

Finss.az - Naxçıvan Muxtar Respublikasında sağlam və yüksək məhsuldarlığa malik tinglərin yetişdirilməsinə başlanılıb. Bu məqsədlə Naxçıvan şəhəri və Şərur rayonunda yeni tingçilik sahələri və kolleksiya meyvə bağı salınıb.

Təqdimat zamanı bildirilib ki, Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Naxçıvan şəhəri və Şərur Dayaq Məntəqəsində ilk dəfə innovativ texnologiyaların tətbiqi ilə yaradılmış tingçilik sahələri və kolleksiya meyvə bağı muxtar respublikada intensiv bağçılığın inkişafına xidmət edəcək.

Ting materialı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan əldə olunub.

Layihənin əsas məqsədi sağlam əkin materialı istehsalını təmin etmək, meyvə bağlarında məhsuldarlığı artırmaq, regionda dayanıqlı ting bazası formalaşdırmaq və elmi-texnoloji yeniliklərin tətbiqini genişləndirməkdir. Təşəbbüs, həmçinin, muxtar respublikanın ixrac potensialının daha da yüksəldilməsinə  xidmət edir.

Yeni yaradılmış sahələrdə gilas, badam və şaftalı olmaqla 21 xarici sort üzrə 1050 ədəd ting və 50 min ədəd calaqaltı salınıb. Kolleksiya bağı müasir standartlara uyğun suvarma sistemi ilə də təmin olunub.

Qeyd edək ki, tingçilik sahələri və kolleksiya meyvə bağı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində ümumilikdə 2 hektar ərazidə salınıb.