BİZNES

02 Dekabr

SOCAR-ın Karyera sərgisi keçirilib

Finss.az - Sərgidə SOCAR, bp, Deloitte, EY, KPMG, BCG, Mərkəzi Bank, ABB, Kapital Bank, PAŞA Kapital, AzerGold, Azersun və digər böyük şirkət və dövlət qurumları iştirak ediblər.

Ümumilikdə, 70-ə yaxın yerli və xarici şirkət, həmçinin dövlət qurumları sərgidə mövcud vakansiyalarını və təcrübə proqramlarını təqdim edib.

Sərgiyə 1500-ə yaxın ziyarətçi qatılaraq işəgötürənlərin mövcud imkanları, tələbləri barədə birbaşa məlumat almaq şansı əldə edib.

Açılış mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov sərginin tələbə və məzunlar üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, tədbir müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət və dövlət qurumları ilə birbaşa ünsiyyət, onların iş imkanları və tələbləri haqqında ətraflı məlumat əldə etmək üçün unikal fürsət yaradır. Elmar Qasımov sərginin həm işəgötürənlər, həm də ziyarətçilər üçün faydalı olacağına əminliyini ifadə edib.

Dövlət Məşğulluq Agentliyi İdarə Heyəti sədrinin müavini Nihad Muxtarlı çıxışında tələbə və məzunlara uğurlar arzulayaraq qeyd edib ki, bu kimi tədbirlər əmək bazarının real tələbləri ilə tanışlıq, zəruri bacarıqların müəyyən edilməsi və işəgötürənlərlə birbaşa əlaqə yaratmaq baxımından mühüm rol oynayır.

SOCAR-ın İnsan kapitalı və inklüzivlik seqmentinin, istedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin nümayəndəsi Rəşad Ələkbərov çıxışında şirkətin gənclərin inkişafına yönəlmiş layihələrindən danışıb və bu sərginin gələcəyin peşəkarlarını daha yaxından tanımaq, potensial istedadları erkən mərhələdə müəyyənləşdirmək və əmək bazarında gənclərin inkişafına töhfə vermək baxımından vacibliyini vurğulayıb.