BİZNES

02 Dekabr

Azərbaycanın TDT ölkələri ilə ticarət dövriyyəsi artıb

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 5,909 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 136,5 milyon ABŞ dolları və ya 2,4% artıb.

Hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,7%-i həcmində olub. Belə ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi əvvəlki ilə müqayisədə 7,3% azalaraq 4,8 milyard dollara, Qırğızıstanla ticarət dövriyyəsi 1,9 dəfə artaraq 66,1 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 1,5 dəfə artaraq 600,3 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 2,4 dəfə artaraq 472,5 milyon dollara bərabər olub.

Cari ilin ilk 10 ayında Azərbaycandan Türkiyəyə 65,042 milyon ABŞ dolları dəyərində 133,1 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları, 486,3 milyon ABŞ dolları dəyərində isə qeyri-neft məhsulları ixrac edilib. Eyni zamanda hesabat dövründə Qazaxıstan Azərbaycandan 80,6 milyon ABŞ dolları, Özbəkistan isə 60,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları idxal edib. Digər üzv ölkələrə ixrac göstəriciləri qeydə alınmayıb.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış “Naxçıvan Sazişi” əsasında yaradılıb. Təşkilat ilk dəfə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” adı ilə fəaliyyətə başlayıb, 2021-ci ildə adı dəyişdirilərək hazırda “Türk Dövlətləri Təşkilatı” adını daşıyır.

Azərbaycan təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir.

Fuad Mədətov
Finss.az