BİZNES

02 Dekabr

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 26,5% artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 3,815 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 799,2 milyon ABŞ dolları və ya 26,5% çoxdur. Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,34%-ini təşkil edib. Bununla da Çin Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Çinə 79,6 milyon dollarlıq məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65,2 milyon ABŞ dolları və ya 5,5 dəfə çoxdur. Hesabat dövründə Çindən Azərbaycana 3,7 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 734 milyon ABŞ dolları və ya 24,5% artım deməkdir. Bununla da Çin hesabat dövründə Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə mövqeyində qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,8% çoxdur. Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın, 19,225 milyard ABŞ dolları idxalın payına düşüb. Son bir ildə ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalarkən, idxal 2,6 milyard ABŞ dolları və ya 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya 2,5 dəfə azdır.

Fuad Mədətov
Finss.az