BİZNES

02 Dekabr

Azərbaycanla İran arasında ticarət dövriyyəsi 518,2 milyon dollar olub

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 518,2 milyon ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 milyon ABŞ dolları və ya 1,1% azdır. Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,27%-ni təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan İrana 8,244 milyon dollarlıq məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon ABŞ dolları və ya 25,1% azdır. Eyni zamanda İrandan Azərbaycana 509,9 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon ABŞ dolları və ya 0,6% azdır. Bu göstərici ilə İran Azərbaycanın ən çox idxal əməliyyatları apardığı ölkələr siyahısında 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,8% çoxdur. Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın, 19,225 milyard ABŞ dolları idxalın payına düşüb. Son bir ildə ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalarkən, idxal 2,6 milyard ABŞ dolları və ya 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya 2,5 dəfə azdır.

Fuad Mədətov
Finss.az