BİZNES

01 Dekabr

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 699,4 milyon ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 milyon ABŞ dolları və ya 3,3% çoxdur. Hesabat dövründə Gürcüstan ilə ticarət Azərbaycanın ümumi dövriyyəsinin 1,71%-ni təşkil edib.

Yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana 557,4 milyon dollar dəyərində məhsul ixrac olunub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 18 milyon dollar və ya 3,1% azdır. İxracın 1,586 milyon dolları bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarına aiddir; neft ixracının həcmi isə 3 838 ton təşkil edib. Ötən ilin eyni dövründə Azərbaycandan Gürcüstana neft ixracı qeydə alınmayıb. Bunun nəticəsində Gürcüstan hesabat dövründə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr siyahısında 21-ci yerdə qərar tutub.

Eyni dövrdə qeyri-neft məhsullarının ixracı 273,6 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,6 milyon dollar və ya 16,9% çoxdur. Gürcüstana ixrac edilmiş qeyri-neft məhsullarının ümumi ixracdakı payı 9,16%-dir və bu göstərici ölkəni Azərbaycanın ən çox 4-cü qeyri-neft məhsulları alıcısı mövqeyinə çıxarır.

Hesabat dövründə Gürcüstandan Azərbaycana idxal əməliyyatları 142,1 milyon dollar dəyərində həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,4 milyon dollar və ya 40% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ümumilikdə 40,862 milyard dollar dəyərində xarici ticarət əməliyyatı aparıb. Bunun 21,637 milyard dolları ixracın, 19,225 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,1 milyard dollar və ya 4,9% azalıb, idxal isə 2,6 milyard dollar və ya 15,6% artıb. Nəticədə xarici ticarətdə 2,412 milyard dollar dəyərində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard dollar və ya 2,5 dəfə azdır.

Fuad Mədətov
Finss.az