2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 4,770 milyard ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 378,5 milyon ABŞ dolları və ya 7,3% azdır. Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,67%-ni təşkil edib və ölkə ilə ən çox ticarət əməliyyatı aparılan ölkələr arasında İtaliyadan sonra ikinci pillədə qərarlaşıb.
Yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə 2,8 milyard dollarlıq məhsul ixrac edilib. Bunun 65,042 milyon ABŞ dolları bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarına aiddir. Neft ixracının həcmi 133,1 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 128,9 milyon dollar və ya 3 dəfə, həcm baxımından isə 221,3 min ton və ya 2,7 dəfə azalıb. Türkiyə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr siyahısında 18-ci pillədədir.
Qeyri-neft məhsulları üzrə ixrac 486,3 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon dollar və ya 1,8% artım deməkdir. Qeyri-neft məhsullarının Türkiyəyə ixracda payı 16,28% təşkil edib, ölkə Azərbaycan üçün ikinci ən böyük qeyri-neft məhsul alıcısıdır.
Eyni zamanda Türkiyədən Azərbaycana 1,949 milyard ABŞ dolları dəyərində idxal həyata keçirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,2 milyon dollar və ya 1,6% artıb. Türkiyə Azərbaycanın idxal etdiyi məhsullar arasında üçüncü yerdə qərarlaşıb.
Ümumilikdə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21,637 milyardı ixrac, 19,225 milyardı isə idxal payına düşüb. Son 1 ildə ixrac 1,1 milyard dollar və ya 4,9% azalıb, idxal isə 2,6 milyard dollar və ya 15,6% artıb. Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu illik müqayisədə 3,7 milyard dollar və ya 2,5 dəfə azdır.
Fuad Mədətov
Finss.az
