BİZNES

27 Noyabr

Azərbaycan–Böyük Britaniya ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan–Böyük Britaniya ticarət dövriyyəsi açıqlanıb.

Finss.az Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 1,023 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə və ya 409,4 milyon dollar çoxdur.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,5%-ni təşkil edib və ölkə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı 7-ci ölkə olub.

Cari ilin ilk 10 ayında Azərbaycandan Böyük Britaniyaya 278 milyon dollar dəyərində məhsul ixrac edilib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 122,6 milyon dollar və ya 30,6% azalma deməkdir. İxracın 273 milyon dolları bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsullarının payına düşüb. Neft ixracının həcmi 514,9 min ton təşkil edib ki, bu da illik müqayisədə dəyər ifadəsində 30,1%, həcm baxımından isə 20,8% azalma deməkdir. Bu göstərici ilə Böyük Britaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr siyahısında 7-ci pillədə qərarlaşıb.

Eyni dövrdə Böyük Britaniyadan Azərbaycana 744,7 milyon dollar dəyərində idxal həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 532 milyon dollar və ya 3,5 dəfə artım deməkdir. Beləliklə, Böyük Britaniya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasındadır6-cı pillədə qərarlaşıb.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ümumilikdə 40,862 milyard dollar dəyərində xarici ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21,637 milyard dolları ixracın, 19,225 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,1 milyard dollar və ya 4,9% azalıb, idxal isə 2,6 milyard dollar və ya 15,6% artıb.

Nəticədə xarici ticarətdə yaranmış müsbət saldo 2,412 milyard dollar olub ki, bu da illik müqayisədə 3,7 milyard dollar və ya 2,5 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az