2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətində müsbət saldo 2,4 milyard dollara düşüb.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana məhsul idxalı 19,225 milyard ABŞ dolları, ixrac isə 21,637 milyard dollar təşkil edib.
İdxalda dövlət sektoru 6,2 milyard dollar, özəl sektor 11,2 milyard dollar, fiziki şəxslər isə 1,8 milyard dollar paya malik olub. İdxal üzrə artım müvafiq olaraq 35,3%, 7,9% və 9,3% təşkil edib. Dövlət sektorunun idxaldakı xüsusi çəkisi 32,25%, özəl sektorun 58,45%, fiziki şəxslərin isə 9,30% olub.
İxracda isə dövlət sektoru 9,7 milyard dollar, özəl sektor 11,8 milyard dollar, fiziki şəxslər 108,3 milyon dollar paya sahib olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac göstəriciləri müvafiq olaraq 9,3%, 0,8% və 9,2% azalıb. Dövlət sektorunun ixracdakı payı 44,94%, özəl sektorun 54,56%, fiziki şəxslərin isə 0,50% təşkil edib.
Ümumilikdə, ölkənin xarici ticarət dövriyyəsi 40,862 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 3,8% çoxdur. Son nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard dollar və ya 2,5 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az
