BİZNES

25 Noyabr

Azərbaycanın xam neft ixracı dəyər baxımından azalsa da, həcmdə artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 10,9 milyard dollar dəyərində 20,8 milyon tona yaxın xam neft və neft məhsulları ixrac edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,9 milyard dollar və ya 15% azalma, həcm baxımından isə 182,6 min ton və ya 0,9% artım qeydə alınıb.

Yanvar-oktyabr aylarında Azərbaycan neftinin əsas idxalçıları İtaliya, Çexiya və Xorvatiya olub. İtaliya 12,1 milyon ton neft üçün 6,23 milyard dollar, Çexiya 1,3 milyon ton üçün 701,4 milyon dollar, Xorvatiya isə 1,2 milyon ton üçün 634,6 milyon dollar dəyərində məhsul alıb.

Digər əsas idxalçılar arasında Almaniya (956,7 min ton, 502 milyon dollar), Rumıniya (869,6 min ton, 475,9 milyon dollar), Portuqaliya (803,4 min ton, 430,7 milyon dollar), Böyük Britaniya (514,9 min ton, 273 milyon dollar), Yunanıstan (500,7 min ton, 268,5 milyon dollar), İrlandiya (410,7 min ton, 214,8 milyon dollar) və Niderland (360,7 min ton, 182,9 milyon dollar) yer alıb.

Qeyd olunur ki, Azərbaycan nefti Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərləri vasitəsilə nəql olunur, hazırda isə Bakı–Supsa xətti dayandırılıb.

Fuad Mədətov
Finss.az