BİZNES

25 Noyabr

Azərbaycan-ABŞ ticarət dövriyyəsi artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 1,059 milyard ABŞ dolları olub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% artım deməkdir. ABŞ ilə ticarət Azərbaycanın ümumi dövriyyəsinin 2,59%-ni təşkil edib və ölkə bu göstərici ilə ABŞ-ı ticarət tərəfdaşları sırasındakı 6-cı yerə çıxarıb.

Eyni dövrdə Azərbaycandan ABŞ-a ixrac 52,7 milyon dollar, idxal isə 1 milyard dollar təşkil edib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ixrac 2,2 dəfə azalıb, idxal isə 9,3% artıb. Bu nəticə ABŞ-ı Azərbaycanın idxal etdiyi məhsullarda 4-cü sıraya yüksəldib.

Ümumilikdə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard dollar dəyərində ticarət aparıb. İxrac 21,637 milyard, idxal 19,225 milyard dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 4,9% azalsa da, idxal 15,6% artıb. Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,5 dəfə azdır.

Fuad Mədətov
Finss.az