2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Bolqarıstana ixrac olunan təbii qazın həcmi 1,4 milyard kubmetr olub və ümumi dəyəri 519,6 milyon ABŞ dollarına çatıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində artım 94,2 milyon dollar və ya 21,3%, həcm baxımından isə 71,3 milyon kubmetr və ya 5,3% təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Bolqarıstana ixrac edilən təbii qazın həcmi 1,3 milyard kubmetr, dəyəri isə 425,4 milyon ABŞ dolları olub.
Cari ilin ilk 9 ayında Azərbaycanın ümumi təbii qaz ixracı 18,5 milyard kubmetr təşkil edib və bunun dəyəri 6,7 milyard ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində artım 623,3 milyon dollar və ya 10,3%, həcm baxımından isə azalma 203,2 milyon kubmetr və ya 1,1% təşkil edib.
Fuad Mədətov
Finss.az
