Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) startap yarışlarının yerli layihələrin investorlar üçün cəlbediciliyinin artırılmasında əhəmiyyətli təcrübə yaratdığını açıqlayıb.
Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat verilib.
Məlumatda bildirlib ki, startap yarışmaları investor marağının formalaşmasında mühüm rol oynayır və bu istiqamətdə artıq real təcrübə yaranıb:
"KOBİA ekosistemin digər iştirakçıları kimi yerli startapların xarici ölkələrdə keçirilən yarışlarda iştirakına dəstək göstərir. Agentlik artıq iki ildir ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən ‘AIM Congress’in Beynəlxalq Startap Yarışmasının milli tərəfdaşıdır.”
Açıqlamada həmçinin yerli startap müsabiqələrinin də uğurlu nümunə olduğu vurğulanıb:
“KOBİA və ‘AccessBank’ın birgə təşkilatçılığı ilə bu il ikincisi keçirilən ‘Bizdən Biznesə’ müsabiqəsini də uğurlu nümunə hesab etmək olar. Müsabiqə çərçivəsində startaplar öz ideyalarını təqdim edərək həm maliyyə dəstəyi qazanmaq, həm də potensial investorlar və biznes nümayəndələri ilə əlaqə qurmaq imkanı əldə edirlər.”
Agentlik əlavə edib ki, bu tip təşəbbüslər startapların inkişafına birbaşa təsir göstərir:
“Bu müsabiqələr startapların kommersiya potensialının artırılmasına, biznes modellərinin təkmilləşdirilməsinə və bazar tələblərinə uyğunlaşdırılmasına şərait yaradır və bu tip təşəbbüslər startapları üzə çıxarmaqla yanaşı, investorlarda da yerli layihələrə inam və maraq yaradır.”
Beləliklə, KOBİA-nın dəstəyi və startap yarışlarının təşkili nəticəsində yerli startapların həm maliyyə imkanları, həm də bazar və investor əlaqələri güclənir, ekosistemdə davamlı inkişaf üçün şərait yaranır.
Fuad Mədətov
Finss.az

