BİZNES

24 phrase_var_core.november

Azərbaycana xarici investisiyalar 34% artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici maliyyə mənbələrindən əsas kapitala 3,343 milyard manat investisiya yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,3% artım deməkdir.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, xarici investisiyaların 2,535 milyard manatı neft-qaz sektoruna, 808,1 milyon manatı isə qeyri-neft-qaz sektoruna sərf olunub. Ötən ilin ilk 10 ayı ilə müqayisədə neft-qaz sektoruna yönəldilmiş xarici investisiyalar 20,4%, qeyri-neft-qaz sektorunda isə 2,1 dəfə çoxalıb.

Eyni dövrdə bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş sərmayənin həcmi 14,830 milyard manat olub ki, bu da 2024-cü ilin yanvar-oktyabr göstəricisinə nisbətən 1,3% çoxdur. Neft-qaz sektoruna sərmayə 8,8% azalarkən, qeyri-neft-qaz sektoruna 6% artıb.

Ümumi sərmayənin 50,6%-i məhsul istehsalı sahələrinə, 32,8%-i xidmət sahələrinə, 16,6%-i isə yaşayış evlərinin tikintisinə yönəldilib. Dövlət və qeyri-dövlət sektorunun sərmayə payları müvafiq olaraq 50,8% və 49,2%, sərmayənin 77,5%-i tikinti-quraşdırma işlərinə sərf olunub. Daxili mənbələr isə ümumi sərmayənin 77,5%-ni təmin edib.

Fuad Mədətov
Finss.az