Finss.az xəbər verir ki, Reuters agentliyinin Hollandiyanın İqtisadiyyat naziri Vinsent Karremansa istinadən yaydığı məlumata görə, Niderland hökuməti Çinin Wingtech Technology Co. şirkətinə məxsus çip istehsalçısı Nexperia üzərində nəzarəti ələ keçirməyə imkan verən fərmanı dayandırıb.
Bu addım, qlobal avtomobil sənayesində komponent tədarükünü pozan mübahisə fonunda Çin hakimiyyəti ilə aparılan konstruktiv danışıqlardan sonra atılıb. Nazirin sözlərinə görə, nəzarətin dayandırılması Pekinlə münasibətlərdə xoşməramlılıq jesti kimi qiymətləndirilir və tərəflər arasında dialoq davam edir.
Vinsent Karremans bildirib ki, Çinin çip tədarükü məsələsində Avropa və digər regionlara qarşı daha sabit və etibarlı siyasət yürütməsi hiss olunur:
"Çin hakimiyyəti tərəfindən Avropaya və digər bölgələrə çip tədarükünü təmin etmək üçün artıq görülən tədbirləri təqdir edirik", – nazir qeyd edib.
Qeyd edək ki, Nexperia şirkəti dünya çip istehsalında xüsusilə avtomobil sənayesi üçün vacib olan komponentlərin təminatında mühüm rol oynayır. Mübahisənin yumşalması həm Avropa, həm də qlobal istehsal zəncirlərində sabitliyə müsbət təsir göstərə bilər.
