BİZNES

19 Noyabr

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,616 milyard manatlıq mal satılıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə 28,664 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,951 milyard manatlıq isə qeyri-ərzaq malları satılıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8% artıb; ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,3%, qeyri-ərzaq malları üzrə isə 6,7% təşkil edib.

Məlumata görə, alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədikləri vəsaitin 50,4%-i ərzaq məhsullarına, 4,1%-i içkilər və tütün məmulatlarına, 14,3%-i toxuculuq məhsulları, geyim və ayaqqabılara, 6%-i avtomobil benzini və dizel yanacağına, 4,9%-i elektrik malları və mebellərə, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,4%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 16,5%-i isə digər qeyri-ərzaq mallarına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8%-ni təşkil edib. Müəssisələr üzrə pərakəndə ticarət dövriyyəsi 7,1%, fərdi sahibkarlar üzrə 1,2%, bazar və yarmarkalarda isə 4,9% artıb.

Yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq mal alıb ki, bunun 279,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 233,9 manatı isə qeyri-ərzaq mallarına sərf olunub.

Fuad Mədətov
Finss.az