2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin oktyabr ayına nisbətən 105,9% təşkil edib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə indeks 108,2%, qeyri-qida məhsulları üzrə 102,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 105,6% olub.
Oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5%, yanvar-oktyabr dövründə isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 105,7% təşkil edib. Qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, mal ətindən konservlər, balıq və balıq məhsulları, yumurta, ayran, kəsmik, pendir, kərə yağı, banan, armud, fındıq, pomidor, şirin bibər, badımcan, süfrə çuğunduru, yerkökü, kartof, şokolad məmulatları, qara və yaşıl çay bahalaşıb, limon, portağal, naringi, alma, heyva, narın, xurma, üzüm, kivi, qoz, şabalıd, göyərti, balqabaq, sarımsaq və soğanın qiymətləri isə ucuzlaşıb. Digər qida məhsullarında ciddi dəyişiklik baş verməyib.
Qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi oktyabr ayında əvvəlki aya nisbətən 100,3%, yanvar-oktyabr dövründə isə 102,6% olub. Bu dövrdə geyimlər, şəxsi gigiyena və zərgərlik məmulatları bahalaşıb, yuyucu və təmizləyici vasitələr ucuzlaşıb, digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişiklik olmayıb.
Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi oktyabr ayında əvvəlki aya nisbətən 100,4%, yanvar-oktyabr dövründə isə 106,6% təşkil edib. Oktyabr ayında mənzillərin kirayəsi, metro, taksi, şəhər və şəhərətrafı avtobus nəqliyyatı ilə sərnişindaşıma, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətləri bahalaşıb, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərdə ciddi dəyişiklik olmayıb.
Fuad Mədətov
Finss.az
