Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Niderland Krallığının Şərqi Avropa üzrə rəhbəri Karolayn Ramaekers, Niderland Xarici İşlər Nazirliyinin baş məsləhətçisi Rebel Reyper, Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marianna de Yonq, səfirin müavini Yohannes Kirpestein və səfirliyin baş məsləhətçisi Şəhla Balakişiyevadan ibarət nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişaf gündəliyi, xüsusilə yaşıl enerji və iqlim dayanıqlığı, rəqəmsal transformasiya, Orta dəhliz, tranzit daşımaları, ixrac potensialının genişləndirilməsi və dövlət–özəl sektor tərəfdaşlığı istiqamətlərində məsələlər müzakirə olunub.
Həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə qonaqlara məlumat verilib.
Niderland tərəfi aqroinnovasiya, su ehtiyatlarının idarə edilməsi, davamlı ərzaq sistemləri, dairəvi iqtisadiyyat və bərpa olunan enerji sahələrində ikitərəfli təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, regional və qlobal dəyər zəncirlərinə inteqrasiya, logistika dəhlizləri və innovasiya maliyyələşmə alətləri üzrə birgə tədqiqat və təşəbbüslərin inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.
Görüşün sonunda qonaqlara İİTKM və OECD tərəfdaşlığı çərçivəsində hazırlanan “Orta Dəhliz” kitabı təqdim edilib.



