Əmək stajına görə əlavə məzuniyyətin verilməsi Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən həyata keçirilir. Bu, işçinin uzun müddət işlədiyinə görə ona əsas məzuniyyətdən əlavə günlərin verilməsi deməkdir.
Əmək stajına və əmək şəraitinə görə əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində göstərilən kateqoriyalardakı işçilərə tətbiq edilmir.
Finss.az xəbər verir ki, mövzunu iqtisadçı-ekspert, insan resursları üzrə mütəxəssis Rəsul Xanlarov şərh edir.
Əmək qanunvericiliyinə əsasən, əmək stajı, iş şəraiti, iş funksiyasının xüsusiyyətləri və uşaqlı qadınlara görə əlavə məzuniyyətlər nəzərdə tutulur. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin faktiki işlədiyi dövrə əsasən müəyyən edilir. Buraya əmək müqaviləsi üzrə işlədiyi müddətdən əlavə, yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr və Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqı saxlanılan dövrlər daxil edilir.
Əmək Məcəlləsinin 179-cu maddəsi – Əmək haqqı və iş yeri saxlanılan hallarda işçinin işə gəlməməsi ilə bağlıdır.
Bu maddəyə əsasən, işçinin işə gəlmədiyi, lakin əmək müqaviləsi üzrə iş yeri və orta əmək haqqısı saxlanılan dövrlər, onun əmək stajına daxil edilir. Bu hallar aşağıdakılardır:
- işçinin müvəqqəti əmək qabiliyyətsizliyi dövrü (məsələn, xəstəlik vərəqəsi əsasında),
- məzuniyyət dövrləri (əsas və əlavə məzuniyyətlər),
- dövlət və ictimai vəzifələrin yerinə yetirilməsi ilə bağlı işdən azad olunduğu zaman,
- təhsil müəssisəsində ixtisasartırma və ya təhsil aldıqları dövr (müvafiq əsaslarla),
- hamiləlik və doğuşa görə məzuniyyət dövrü və s.
Misal: Bir işçi son 5 ildə bir müəssisədə fasiləsiz çalışıb, bu dövrdə 2 ay xəstəlik vərəqəsi ilə evdə olub, 4 ay da hamiləlik və doğuşa görə məzuniyyətdə olub. Bu 6 ay işçinin əmək stajına daxil edilir və əlavə məzuniyyət hüququ hesablanarkən nəzərə alınır.
Əvvəllər əlavə məzuniyyət yalnız bir müəssisədə çalışılan əmək stajına əsasən hesablanırdı. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2000-ci il qərarına əsasən, Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsindəki “bir müəssisədə” müddəası qüvvədən düşmüş hesab olunub. Çünki bu yanaşma əmək stajını bir neçə müəssisədə qazanmış işçiləri haqsız olaraq məzuniyyətdən məhrum edirdi. Konstitusiya Məhkəməsi qərarını belə əsaslandırıb: işçilərin bir müəssisədə fasiləsiz işləməsi onların istəklərindən asılı olmaya bilər və eyni şərtlərdə fəaliyyət göstərmiş işçilər bərabər hüquqlara malik olmalıdır.
Məktəbdə müəllim vəzifəsində çalışan işçinin ümumi əmək stajı 20 ildir. Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyəti 56 gün təşkil edir. Lakin staj 20 il olsa belə, əlavə məzuniyyət tətbiq edilmir, çünki bu maddənin tələbləri pedaqoji və elmi işçilərə şamil edilmir.
Beləliklə, Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən, ümumi əmək stajına görə əlavə məzuniyyət aşağıdakı kimidir:
- 5 ildən 10 ilədək əmək stajı — 2 təqvim günü
- 10 ildən 15 ilədək əmək stajı — 4 təqvim günü
- 15 ildən çox əmək stajı — 6 təqvim günü
Əmək stajına görə əlavə məzuniyyət hüququ 30 gündən artıq əmək məzuniyyəti olan şəxslərə şamil edilmir.
Tutaq ki, bir işçi yeni başladığı şirkətdə 2 ildir işləyir, amma əvvəlki iş yerləri ilə birlikdə ümumi əmək stajı 7 ildir. Bu halda onun məzuniyyət hüququ belə hesablanır: 30 gün (əsas məzuniyyət) + 2 gün (əmək stajına görə əlavə) = 32 gün ümumi məzuniyyət.
Əgər əmək stajı 16 il olsa idi, əlavə məzuniyyət 6 gün olardı və ümumi məzuniyyət 36 gün təşkil edərdi.

