“SP Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üçün uzunmüddətli kredit reytinqini “BB-” səviyyəsindən “BB” səviyyəsinə yüksəldib. Reytinq üzrə proqnoz isə “sabit” olaraq saxlanılıb.
Finss.az xəbər verir ki, agentliyin açıqlamasına görə, SOCAR-ın maliyyə siyasətində şəffaflığın əhəmiyyətli dərəcədə artması və məlumatların açıqlanma səviyyəsinin yaxşılaşması reytinqin yüksəlməsində əsas rol oynayıb. Son aylarda şirkət məlumatların açıqlanması və reytinq təşkilatları ilə kommunikasiya sahəsində mühüm irəliləyiş göstərib, bu da fəaliyyət göstəricilərinin izlənilməsini asanlaşdırıb.
“SP” həmçinin SOCAR-ın fərdi kredit profilinə (SACP) dair qiymətləndirməsini “B” səviyyəsindən “BB-” səviyyəsinə qaldırıb, bu isə şirkətin ümumi reytinqi və təminatsız borc öhdəlikləri üzrə reytinqin yenidən nəzərdən keçirilməsi üçün əsas olub.
Agentliyin məlumatına görə, sabit proqnoz SOCAR-ın əhəmiyyətli pul ehtiyatları, idarəolunan likvidlik səviyyəsi və sabit əməliyyat nəticələrini qoruyacağı gözləntilərinə əsaslanır. Eyni zamanda, əməliyyat fəaliyyəti nəticəsində yaranan vəsaitlərin (FFO) borca nisbətinin 12%-dən yuxarı qalacağı proqnozlaşdırılır. Şirkətə dövlət dəstəyinin səviyyəsinə dair qiymətləndirmə isə dəyişməz olaraq qalır.
Fuad Mədətov
Finss.az
