2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanla Rusiya arasında aparılan ticarət əməliyyatlarının həcmi 3,659 milyard ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 161 milyon ABŞ dolları və ya 4,6% artım deməkdir.
Hesabat dövründə Rusiya ilə aparılan ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10,34% payına malik olub və ölkələr arasında həcminə görə üçüncü sırada yer alıb.
Yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya ixrac 883,6 milyon ABŞ dolları, Rusiyadan Azərbaycana idxal isə 2,775 milyard ABŞ dolları təşkil edib. Bu göstəricilər illik müqayisədə müvafiq olaraq 2,8% və 5,1% artım göstərir.
Qeyd edək ki, 2025-ci ilin ilk doqquz ayında Azərbaycan ümumilikdə xarici ölkələrlə 35,375 milyard ABŞ dolları həcmində ticarət əməliyyatları həyata keçirib. Bunun 18,606 milyard ABŞ dolları ixrac, 16,769 milyard ABŞ dolları isə idxal hissəsini təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları (yaxud 6,3%) azalıb, idxal isə 2,126 milyard ABŞ dolları (yaxud 14,5%) artıb.
Fuad Mədətov
Finss.az
