2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanla Almaniya arasında aparılan ticarət əməliyyatlarının həcmi 1,103 milyard ABŞ dolları olub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon ABŞ dolları və ya 0,2% artıb.
Hesabat dövründə Almaniya ilə aparılan ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 3,12% paya sahib olub və ölkələr arasında həcminə görə Almaniya beşinci sırada yer alıb.
Yanvar-sentyabr aylarında Azərbaycandan Almaniyaya 468,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 milyon dollar və ya 6,1% azdır. Eyni zamanda, Almaniyadan Azərbaycana idxal 635,1 milyon ABŞ dolları təşkil edib ki, bu göstərici illik müqayisədə 32,6 milyon dollar və ya 5,4% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin ilk doqquz ayında Azərbaycan ümumilikdə xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib. Bunun 18,606 milyard ABŞ dolları ixrac, 16,769 milyard ABŞ dolları isə idxal hissəsini təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 1,248 milyard dollar (yaxud 6,3%) azalıb, idxal isə 2,126 milyard dollar (yaxud 14,5%) artıb.
Fuad Mədətov
Finss.az
