Finss.az xəbər verir ki, ABŞ dolları bazar ertəsi ticarət sessiyasında avroya qarşı sabit qalıb, funt sterlinq və yapon yeninə qarşı isə bir qədər möhkəmlənib.
Altı əsas valyutaya (avro, İsveçrə frankı, yen, Kanada dolları, funt sterlinq və İsveç kronası) qarşı dolların dəyərini ölçən ICE DXY indeksi 0,07% azalıb, daha geniş WSJ Dollar İndeksi isə 0,01% artıb.
Ekspertlər qeyd edirlər ki, Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcəsini dekabr ayında yenidən azaltması ilə bağlı gözləntilərin zəifləməsi, dolların son üç ayın ən yüksək səviyyəsinə yaxın qalmasına səbəb olub.
Qeyd edək ki, ötən həftə Fed baza faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 3,75–4%-ə endirib. Lakin Fed sədri Jerom Powell mətbuat konfransında bildirib ki, dekabr ayında daha bir faiz endirimi hələlik açıq sualdır və bu qərar iqtisadi göstəricilərdən asılı olacaq.
Faiz dərəcəsi fyuçerslərinə əsasən, treyderlər dekabr iclasında 25 baza bəndi endirilməsi ehtimalını 69,3% səviyyəsində qiymətləndirirlər. Bu göstərici Powell-in açıqlamalarından əvvəl 90% idi.
