BİZNES

03 Noyabr

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 9% artıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 624 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumataına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 51,7 milyon ABŞ dolları və ya 9% artıb.

Hesabat dövründə Azərbaycan Gürcüstana 495,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,9 milyon ABŞ dolları və ya 2% çoxdur.

Eyni zamanda, Gürcüstandan Azərbaycana idxal əməliyyatlarının dəyəri 128,5 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 42,8 milyon ABŞ dolları və ya 49,9% artım deməkdir.

Ümumilikdə, 2025-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları həcmində ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 877 milyon ABŞ dolları və ya 2,5% çoxdur.

Hesabat dövründə ixrac 18,606 milyard ABŞ dolları, idxal isə 16,769 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 6,3% azalıb, idxal isə 14,5% artıb.

Nəticədə, xarici ticarət əməliyyatlarında 1,837 milyard ABŞ dolları həcmində müsbət saldo qeydə alınıb. Bu göstərici illik müqayisədə 2,8 dəfə az olub.

Fuad Mədətov
Finss.az