Finss.az xəbər verir ki, Avropa qaz ötürmə operatorlarının məlumatlarına əsasən, TürkAxını (TurkStream) qaz boru kəmərinin Avropa qolunun orta gündəlik istifadə səviyyəsi 2025-ci ilin oktyabr ayında 96% təşkil edib. Bu göstərici sentyabr ayında 91% idi.
Oktyabr ayında Cənubi Avropaya Türkiyə üzərindən 1,683 milyard kubmetr Rusiya qazı tədarük olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% artım deməkdir. Sentyabr ayında tədarük həcmi 1,549 milyard kubmetr olub.
Hazırda kəmərin Avropa qolu üzrə maksimum texniki tutumu gündə 56,7 milyon kubmetr təşkil edir. Ay ərzində bəzi günlərdə 99% tutumla işləyib, bir gün isə 100%-dən yuxarı səviyyədə fəaliyyət göstərib.
Ekspertlər qeyd edirlər ki, TürkAxını qaz kəmərinin bu qədər yüksək istifadə səviyyəsi Cənubi və Mərkəzi Avropa ölkələrinin qaz tələbatının artması, həmçinin qış mövsümü öncəsi strateji ehtiyatların artırılması ilə əlaqədardır.
TürkAxını layihəsi Rusiya qazını Qara dəniz üzərindən Türkiyəyə və oradan Avropaya çatdırmaq üçün əsas ixrac marşrutlarından biri hesab olunur.
