BİZNES

27 Oktyabr

Çin şirkəti Sinopec Siçuan hövzəsində 100 milyon tonluq yeni şist neft yatağı kəşf etdi

Finss.az xəbər verir ki, Çinin aparıcı neft və qaz şirkəti Sinopec, ölkənin cənub-qərbində yerləşən Siçuan hövzəsində yeni şist neft yatağının kəşf edildiyini açıqlayıb. Şirkətin məlumatına görə, sınaq istehsalı zamanı qazılan kəşfiyyat quyusu gündə 38,64 kubmetr neft və 10.000 kubmetr təbii qaz hasil edib.

Sinxua Xəbər Agentliyi bildirir ki, yeni yatağın ümumi ehtiyatları 100 milyon ton olaraq qiymətləndirilir. Sinopec 2024-cü ildə şist neft hasilatını 308.000 ton artıraraq ümumilikdə 705.000 ton səviyyəsinə çatdırıb.

Rəsmi məlumatlara əsasən, Çində ümumi neft hasilatı ötən il 1,8% artaraq 213 milyon ton təşkil edib. Şist neft hasilatı isə 30%-dən çox artaraq rekord həddə – 6 milyon tona yüksəlib.

Qeyd edək ki, Çin dünyanın ən böyük neft istehlakçılarından biri olmaqla yanaşı, çıxarıla bilən şist neft ehtiyatlarına görə də dünyada üçüncü yerdə qərarlaşıb.