Finss.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) tərəfindən təşkil edilən tədbirlərdə iştirak etmək məqsədilə Malayziyaya səfər edib. O, tədbirlərdə Rusiya nümayəndə heyətinin rəhbəri kimi iştirak edir.
Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib ki, səfər çərçivəsində 20-ci Şərqi Asiya Sammitində (EAS) iştirak və bir sıra ikitərəfli görüşlər planlaşdırılıb. Sözügedən sammit Cənub-Şərqi Asiya ölkələri ilə yanaşı, Rusiya, Avstraliya, Hindistan, Çin, Koreya Respublikası, Yeni Zelandiya, ABŞ və Yaponiyanı bir araya gətirir.
Overçukun sözlərinə görə, “Malayziyanın Baş naziri, Vyetnamın Baş naziri və Kambocanın Baş naziri ilə görüşlərimiz planlaşdırılıb. Biz həmçinin sammitin əsas iclasında iştirak edirik”, – deyə o qeyd edib.
Sammitin əsas məqsədi Asiya-Sakit okean regionunda iqtisadi əməkdaşlığın, təhlükəsizlik dialoqunun və strateji tərəfdaşlığın gücləndirilməsidir. Ekspertlər hesab edirlər ki, Rusiyanın bu tədbirdə iştirakı Asiya ölkələri ilə iqtisadi və diplomatik əlaqələrin genişləndirilməsinə xidmət edir.
ASEAN və EAS sammitləri ənənəvi olaraq regional inteqrasiya, enerji əməkdaşlığı, qida təhlükəsizliyi və rəqəmsal iqtisadiyyat kimi məsələlərin müzakirəsinə həsr olunur.
