Finss.az xəbər verir ki, ABŞ səhm indeksləri cümə günü güclü şəkildə yüksələrək sessiyanı rekord səviyyədə tamamlayıb.
Bazarın yüksəlişi sentyabr ayında ABŞ inflyasiyasının gözləniləndən daha zəif artması barədə açıqlanan məlumatlarla dəstəklənib. ABŞ Əmək Departamentinin məlumatına görə, istehlak qiymətləri inflyasiyası avqustda 2,9% olduğu halda, sentyabrda illik müqayisədə 3%-ə yüksəlib.
Bu göstərici Trading Economics analitiklərinin proqnozlaşdırdığı 3,1%-lik artımdan bir qədər aşağı olub. Nəticədə, investorlar Federal Ehtiyat Sisteminin (FED) yaxın aylarda faiz dərəcələrini endirəcəyi ilə bağlı gözləntilərini gücləndiriblər.
Reuters-ə açıqlamasında Carson Group şirkətinin analitiki Rayan Detrik bildirib:
“Sentyabr ayındakı inflyasiya məlumatları FED-in oktyabr və ehtimal ki, dekabr iclaslarında faiz dərəcəsini endirməsinə yol açdı.”
Ekspertlərin fikrincə, inflyasiyanın nisbətən sabit qalması ABŞ iqtisadiyyatı üçün yumşaq eniş (soft landing) ssenarisinin reallaşma ehtimalını artırır. Bu da SP 500, Dow Jones və Nasdaq indekslərinin rekord səviyyəyə qalxmasına səbəb olub.
