Finss.az xəbər verir ki, Moskva Birjası İndeksi (IMOEX2) bazar ertəsi səhər sessiyasında 2520 bənddən aşağı düşərək, 2024-cü ilin dekabr ayından bəri ən aşağı səviyyəni qeydə alıb. Bu, Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsini 0,5 faiz bəndi azaldaraq illik 16,5%-ə endirməsi, Qərbin sanksiya təzyiqləri və geosiyasi qeyri-müəyyənlik fonunda baş verən satışlarla əlaqələndirilir.
Məlumata görə, Moskva vaxtı ilə saat 07:20-də Moskva Birjası İndeksi 2519,47 bəndə (-1%) qədər geriləyib. Eyni zamanda, birjada ticarət olunan “mavi çipli” səhmlərin qiymətləri də təxminən 2% ucuzlaşıb.
Ekspertlərin fikrincə, investorlar risklərdən qaçaraq likvid aktivlərə yönəlir, bu isə Rusiya fond bazarında təzyiqi artırır. Faiz dərəcəsinin azaldılması qərarı isə rublun sabitliyinə və kapital axınlarına mənfi təsir göstərib.
Hazırda analitiklər bildirirlər ki, Rusiya maliyyə bazarındakı eniş tendensiyası yaxın günlərdə də davam edə bilər. Bununla yanaşı, sanksiyalar, geosiyasi gərginlik və qlobal iqtisadi qeyri-müəyyənliklər Moskva Birjasının sabitliyinə əsas təhlükələr kimi qalır.
