Finss.az xəbər verir ki, ABŞ-ın “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi fonunda dünya bazarlarında neftin qiyməti cümə axşamı günü 5%-dən çox yüksəlib.
Londonun ICE Futures birjasında dekabr ayı üzrə Brent markalı neftin bir barrelinin qiyməti əvvəlki bağlanışla müqayisədə 3,38 dollar və ya 5,4% artaraq 65,97 dollar/barel səviyyəsinə çatıb.
Eyni zamanda, Nyu-York əmtəə birjasında (NYMEX) ticarət olunan WTI markalı neftin qiyməti 3,29 dollar və ya 5,62% artaraq 61,79 dollar/barel olub.
Ekspertlərin fikrincə, bu artım Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyaların qlobal neft təklifinə təsiri ilə bağlı bazarlarda yaranan təchizat narahatlıqları ilə əlaqədardır.
Neft qiymətlərinin yaxın günlərdə də dəyişkən qalacağı, xüsusilə geosiyasi gərginliklərin artmasının bazarlara təzyiq göstərə biləcəyi proqnozlaşdırılır.