Finss.az - Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 144,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində 38 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 792 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 110,2 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 510-u qeyri-yaşayış, 3.176-sı torpaq sahələri üzrə olmaqla 3.686 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 34,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 144,7 milyon manat vəsait daxil olub.

