BİZNES

20 Oktyabr

Çin Mərkəzi Bankı baza kredit faizlərini 5-ci ayda da sabit saxladı

Finss.az xəbər verir ki, Çin Xalq Bankı (PBoC) oktyabr iclası çərçivəsində baza kredit faizlərini dəyişməz saxlayıb. Birillik Kredit Faiz Dərəcəsi (LPR) illik 3%, beşillik LPR isə 3,5% səviyyəsində qalıb.

Bu, ardıcıl olaraq beşinci ayda faizlərin dəyişməz saxlanılması deməkdir. Xatırladaq ki, sonuncu dəfə may ayında bu dərəcələr 10 əsas bənd azaldılmışdı. Həmin vaxtdan etibarən LPR səviyyələri tarixi minimum göstəricidədir.

Loan Prime Rate (LPR) – 2019-cu ilin avqustunda həyata keçirilən islahat nəticəsində Çin bank sistemində əsas referans faiz dərəcəsi kimi tətbiq olunmağa başlanıb.
2020-ci ildən etibarən Çin bankları yeni kreditlərin faiz dərəcələrini məhz bu göstəriciyə əsaslanaraq müəyyən edirlər.

  • Birillik LPR əsasən korporativ kreditlər üçün göstərici rolunu oynayır.

  • Beşillik LPR isə ipoteka kreditləri və uzunmüddətli borclar üçün əhəmiyyətlidir.

İqtisadçılar və təhlilçilər də faiz dərəcələrinin sabit saxlanacağını öncədən proqnozlaşdırırdı. Bu qərar, Çin iqtisadiyyatında zəif daxili tələbat, iqtisadi artımın yavaşlaması və deflyasiya təzyiqləri fonunda pul siyasətində ehtiyatlı mövqeyin davamı kimi dəyərləndirilir.