BİZNES

20 Oktyabr

Neft qiymətləri bazar ertəsi enişlə açıldı – Brent və WTI ucuzlaşdı

Finss.az xəbər verir ki, neft qiymətləri cümə günü qeydə alınan orta artımdan sonra bazar ertəsi səhər saatlarında enişlə açılıb. Qiymətlərin ucuzlaşmasına əsas səbəb kimi artmaqda olan hasilat gözləntiləri və tələbin qeyri-müəyyənliyi göstərilir.

London ICE Futures birjasında, dekabr fyuçersləri üzrə Brent markalı neftin qiyməti Moskva vaxtı ilə saat 08:19-a olan məlumata əsasən 61,03 dollar/barel təşkil edib. Bu, əvvəlki sessiyaya nisbətən 0,26 dollar və ya 0,42% azalma deməkdir.

Cümə günü Brent neftinin qiyməti 0,23 dollar və ya 0,38% artaraq 61,29 dollara yüksəlmişdi.

New York Ticarət Birjasında (NYMEX) noyabr fyuçersləri üzrə WTI markalı neftin qiyməti 0,24 dollar və ya 0,42% azalaraq 57,30 dollara düşüb. Bu müqavilə ötən sessiyada 0,08 dollar və ya 0,14% bahalaşaraq 57,54 dollar olmuşdu.