Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Macarıstanın Ludovika Dövlət Xidmətləri Universitetinin beynəlxalq əlaqələr üzrə baş direktoru və Ludovika Türk Araşdırmaları Mərkəzinin rəhbəri xanım Liliana Śmiech və həmin mərkəzin koordinatoru cənab Dávid Biró ilə görüş keçirilib.
Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Azərbaycan və Macarıstan arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib. O, akademik və institusional əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb və tədqiqat institutları arasında iqtisadi siyasət, innovasiya və yaşıl enerji sahəsində təcrübə mübadiləsi və ortaq tədqiqatların Türk dünyasında dayanıqlı inkişaf üzrə ortaq baxışın formalaşmasına mühüm töhfə verəcəyini qeyd edib.
İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov qonaqlara “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas hədəfləri barədə məlumat verib. O, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun inkişafı və yaşıl zonaların yaradılması istiqamətində görülmüş işlər barədə danışıb.
Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Gültac Əhmədzadə-Tapdıqzadə dövlət proqramlarının icrasının monitorinqi üzrə rəqəmsal hesabatlılıq platformalarını təqdim edərək məlumatların şəffaflığı və nəticəyönümlü idarəetmə sahəsində Azərbaycanın tətbiq etdiyi innovativ yanaşmanı nümayiş etdirib.
İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova Azərbaycan–Macarıstan strateji əməkdaşlığı barədə məlumat verib, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ticarət, nəqliyyat, logistika, təhsil və enerji sahələrində əlaqələrin genişləndiyini vurğulayıb. V. Cəfərova həmçinin Mərkəzin Türk dünyası üzrə apardığı tədqiqat fəaliyyəti, mütəmadi olaraq nəşr edilən “Türk İqtisadi İcmalı”, eləcə də türk dövlətlərinin iqtisadi mənzərəsinə dair kitablar barədə məlumat verib. O, Mərkəzin gələcək tədqiqat prioritetlərini bölüşüb və Ludovika Universitetinin yeni yaradılmış Türk Araşdırmaları Mərkəzi ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
Görüşün sonunda qonaqlara İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzi tərəfindən hazırlanmış nəşrlər və analitik icmalların nüsxələri təqdim olunub. Tərəflər birgə elmi-tədqiqatlar, akademik mübadilə və Türk dünyasının iqtisadi əməkdaşlığı və inteqrasiyası üzrə siyasət təhlilləri sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildiriblər.



