Finss.az xəbər verir ki, İsveçin telekommunikasiya avadanlığı istehsalçısı Ericsson AB, 2025-ci ilin üçüncü rübündə xalis mənfəətini təxminən üç dəfə artırıb. İyul-sentyabr dövründə şirkətin xalis mənfəəti 11,15 milyard SEK (1,17 milyard dollar) səviyyəsində olub, keçən ilin eyni dövründə isə bu rəqəm 3,8 milyard SEK təşkil edirdi.
Bu artımda əsas rol avqust ayında tamamlanan Iconectiv bölməsinin satışından əldə edilən 7,6 milyard SEK-lik birdəfəlik gəlirə aiddir. Bundan əlavə, Ericsson-un mənfəətinə xərclərin azaldılması tədbirləri və yenidən strukturlaşdırma da müsbət təsir göstərib.
Yenidən strukturlaşdırma xərcləri istisna olmaqla, şirkətin EBIT göstəricisi bir il əvvəlki 7,3 milyard SEK-dən 15,5 milyard SEK-ə yüksəlib. Digər tərəfdən, Ericsson-un rüblük gəliri 9% azalaraq 56,24 milyard SEK olub.
FactSet tərəfindən aparılan analitik sorğusunun nəticələrinə görə, ekspertlər ortalama 56,49 milyard SEK gəlir və 10 milyard SEK xalis mənfəət gözləyirdilər.