Finss.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) 2025-ci il üçün qlobal neft tələbatı proqnozunu bir qədər aşağı salıb. IEA-nın aylıq hesabatına əsasən, növbəti il dünyada neft tələbatının gündəlik 710 min barel (b/d) artacağı gözlənilir. Bu rəqəm bir ay əvvəl verilən 737 min b/d artım proqnozu ilə müqayisədə 27 min b/d azalmışdır.
Agentlik həmçinin ümumi neft tələbatına dair əvvəlki qiymətləndirmələrə də korrektə edib. Belə ki, 2024-cü il üzrə qlobal gündəlik neft tələbatı 103,84 milyon b/d səviyyəsində qiymətləndirilir (əvvəlki proqnoz: 103,87 milyon b/d), 2025-ci il üçün isə bu göstərici 104,54 milyon b/d olaraq nəzərdə tutulur (əvvəlki: 104,57 milyon b/d).
Bu dəyişikliklər beynəlxalq neft bazarındakı tələbatın artım tempinin yavaşladığını göstərir. Ekspertlər qeyd edirlər ki, bazar iştirakçılarının ehtiyatlı davranışı, iqtisadi yavaşlama riskləri və enerji səmərəliliyinin artması bu proqnozun yumşaldılmasına səbəb olub.
IEA-nın hesabatı, enerji siyasəti və investisiya qərarları üçün əhəmiyyətli siqnallar verir, xüsusilə də neft sektorunda fəaliyyət göstərən şirkətlər və dövlətlər üçün.