BİZNES

14 Oktyabr

Azad edilmiş ərazilər Azərbaycanın yeni inkişaf modelinin nüvəsinə çevrilir - Vüsal Qasımlı

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (“Baku Build–2025”)5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh–2025”) çərçivəsində təşkil olunan “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli” adlı paneldə çıxış edib.

V.Qasımlı bildirib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər uğurla davam edir. Onun sözlərinə görə, İİTKM-in monitorinq və qiymətləndirmə hesabatlarına əsasən, 10 rayonun 28 yaşayış məntəqəsində 4 826 ailə (19 109 nəfər) artıq doğma torpaqlarına qayıdıb. Hazırda azad edilmiş ərazilərdə 50 minə yaxın əhali yaşayır. 2025-ci ilin sonunadək isə 47 yaşayış məntəqəsinə 10 344 ailənin (42 075 nəfər) köçürülməsi nəzərdə tutulur.

İcraçı direktor qeyd edib ki, bölgədə sahibkarlıq mühitinin formalaşdırılması istiqamətində də ciddi addımlar atılıb. Ağdam Sənaye Parkında qeydiyyata alınan 30 rezident və 18 qeyri-rezidentdən 11-i artıq fəaliyyətə başlayıb. “Araz Vadisi” Sənaye Parkında isə qeydiyyatdan keçmiş 7 şirkətdən 3-ü fəaliyyət göstərir.

V.Qasımlının sözlərinə görə, azad edilmiş ərazilərdə daimi məskunlaşan əhalinin 35 faizi iqtisadi fəaldır, onların da 91 faizinin məşğulluğu təmin edilib. Hazırda bölgədə 18 ümumi təhsil və 7 məktəbəqədər müəssisə fəaliyyət göstərir. Bundan əlavə, 5 məktəb və 1 bağçanın tikintisi, 1 peşə təhsili müəssisəsində təmir işləri davam etdirilir.

Nəqliyyat və tranzit infrastrukturunun inkişafından danışan V.Qasımlı vurğulayıb ki, Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanları istifadəyə verilib. 500 km-ə yaxın avtomobil yolu tikilib, Ağdam Dəmir Yolu və Avtovağzal kompleksi istismara verilib. Bundan başqa, Horadiz–Ağbənd dəmir yolunun 68 faizi (75 km)Bərdə–Ağdam dəmir yolunun 47,1 km-lik hissəsi tamamlanıb.

“Rebuild Karabakh–2025” çərçivəsində keçirilən panelin əsas məqsədi Qarabağı təkcə bərpa və infrastruktur layihələrinin mərkəzi kimi deyil, həm də Azərbaycanın yeni və davamlı inkişaf modelinin əsas dayağı kimi təqdim etmək olub.

Paneldə həmçinin Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, “Caspian Event Organisers”in baş direktoru Fərid Məmmədov, “Tabaterra” QSC-nin direktoru Elman Cavanşir“PMD Group”un nümayəndəsi Kamil Əliyev iştirak ediblər.

Tədbirdə yeni şəhərsalma prinsipləri, regionun iqtisadi inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının nümunələri və qarşıdakı dövr üçün əsas çağırışlar müzakirə olunub.