BİZNES

14 Oktyabr

Xəzər dənizində balıq ehtiyatlarının qiymətləndirilməsi üçün beynəlxalq ekspedisiya başladı

Finss.az - 2025-ci il 13–23 oktyabr tarixlərində Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə ekspedisiya keçiriləcəkdir.

Ekspedisiya Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı, AMEA Zoologiya İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə həyata keçiriləcəkdir.

Türkiyədən ölkəmizə dəvət olunmuş mütəxəssislər arasında Doç. Dr. Mahir Kanyılmaz (Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Balıqçılıq və Su Ürünləri Baş İdarəsi), Prof. Dr. Ali Cemal Gücü (Orta Doğu Texniki Universiteti, Erdemli Dəniz Elmləri İnstitutu), Doç. Dr. Mehmet Cilbiz (Isparta Tətbiqi Elmlər Universiteti, Eğirdir Su Ürünləri Fakültəsi) və Dr. Ferhat Demirol (Elazığ Su Ürünləri Araşdırma İnstitutu) yer alır.

Tədqiqat işləri “Azbioresurs” MMC-yə məxsus “SEA STAR 1” gəmisində həyata keçiriləcəkdir. Ekspedisiya zamanı Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları, türkiyəli alimlər və Zoologiya İnstitutunun mütəxəssisləri birgə fəaliyyət göstərəcəklər.

Tədqiqatın məqsədi balıq və digər su bioresurslarının populyasiyasını, biomüxtəlifliyi və ekoloji vəziyyəti qiymətləndirmək, elmi məlumatlar əsasında 2026-cı il üçün balıq ov kvotalarını müəyyən etməkdir.

Ekspedisiya nəticələri əsasında hazırlanacaq məlumatlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcəkdir.

Ekspedisiya nəticələri və təhlilləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.