BİZNES

14 Oktyabr

Azərbaycanda bu ilin 9 ayında pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46,423 milyard manatlıq mal satılıb. Bunun 25,359 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 21,064 milyard manatı isə qeyri-ərzaq mallarına aiddir.

Finss.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 % artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,3 %, qeyri-ərzaq malları üzrə isə 6,8 % təşkil edib.

Alıcıların pərakəndə ticarət şəbəkəsində xərclərinin strukturu belə olub: 50,4 % ərzaq məhsulları, 4,2 % içkilər və tütün məmulatları, 13,7 % toxuculuq məhsulları, geyim və ayaqqabılar, 6,0 % avtomobil benzini və dizel yanacağı, 5,0 % elektrik malları və mebellər, 2,4 % əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 1,3 % kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 17,0 % digər qeyri-ərzaq malları.

Hesabat dövründə qeyri-dövlət sektoru tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %ini təşkil edib.

Müəssisələr üzrə pərakəndə ticarət dövriyyəsi 7,9 %, fərdi sahibkarlar üzrə 0,9 %, bazar və yarmarkalarda isə 4,2 % artıb.

Hesabat dövründə əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq mal alıb. Onlardan 275,2 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 228,6 manatı isə qeyri-ərzaq mallarına sərf olunub.

Fuad Mədətov
Finss.az