BİZNES

10 Oktyabr

Çinin valyuta ehtiyatları 3,34 trilyon dollara çataraq son 10 ilin ən yüksək səviyyəsinə yaxınlaşdı

Finss.az xəbər verir ki, Çin Xalq Bankının açıqlamasına görə, ölkənin ümumi valyuta ehtiyatları 2025-ci ilin sentyabr ayında 16,5 milyard dollar və ya 0,5% artaraq 3,339 trilyon dollara çatıb. Bu göstərici 2015-ci ilin noyabr ayından bəri qeydə alınan ən yüksək həcmə yaxın səviyyədir.

Eyni zamanda yuanın məzənnəsi sentyabr ayında ABŞ dollarına qarşı 0,1% möhkəmlənib. Digər tərəfdən, ABŞ dollarının əsas dünya valyutaları səbətinə qarşı məzənnəsi isə demək olar ki, dəyişməz qalıb.

Çin Mərkəzi Bankı həmçinin qızıl ehtiyatlarının artırıldığını bildirib. Sentyabrın sonunda qızıl ehtiyatları 74,06 milyon unsiyaya çatıb ki, bu da əvvəlki ayla müqayisədə azacıq artımdır (avqustda 74,02 milyon unsiya idi). Bu, ardıcıl olaraq on birinci aydır ki, Çin qızıl ehtiyatlarını artırır.

Qızılın ümumi dəyəri baxımından isə ehtiyatlar 253,84 milyard dollardan 283,29 milyard dollara qədər yüksəlib.

Mütəxəssislər qeyd edirlər ki, Çin bu strategiya ilə valyuta ehtiyatlarını diversifikasiya edir, geosiyasi risklərə qarşı dayanıqlılığı artırır və maliyyə bazarlarında sabitliyi qorumağa çalışır.