Finss.az xəbər verir ki, Xorvatiyanın Adriatik Neft Boru Kəmərinin operatoru “Janaf”, ABŞ sanksiyalarına tabe olan Serbiyanın “NIS” (Naftna Industrija Srbije) şirkətinə neft nəqlini dayandırdığını açıqlayıb. Bu barədə məlumat şirkətin rəsmi saytında yayımlanıb.
Məlumata görə, Serbiya NIS şirkəti neft nəqli ilə bağlı mövcud müqaviləni yerinə yetirmək üçün zəruri ABŞ lisenziyasını əldə etmədiyindən, 8 oktyabr 2025-ci ildən etibarən müqavilə icrası mümkün deyil.
Janaf-ın rəsmi açıqlamasında deyilir:
"Serbiya NIS şirkəti, ABŞ sanksiyaları səbəbindən tələb olunan lisenziyanı təqdim etmədiyindən, 8 oktyabr tarixindən etibarən müqavilə üzrə nəqletmə fəaliyyətləri icra edilə bilməz."
Qeyd edək ki, NIS şirkəti “Gazprom Neft”in törəmə müəssisəsidir və bu səbəbdən ABŞ-ın sanksiyalar siyahısına düşüb. Serbiya tərəfi daha əvvəl bəyan etmişdi ki, sanksiyaların tətbiqi bir neçə gün təxirə salına bilər, lakin son məlumatlara əsasən ABŞ tərəfindən hər hansı güzəşt lisenziyası hələlik verilməyib.
Bu qərar Serbiya üçün enerji tədarükündə ciddi problemlərə, həmçinin regional neft bazarlarında qeyri-müəyyənliklərə səbəb ola bilər.