Finss.az xəbər verir ki, spot gümüşün qiyməti cümə axşamı günü 4%-dən çox artaraq bir unsiya üçün 51,2 dollara yüksəlib və bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Bu, gümüş qiymətlərinin 1980-ci ildən bəri ilk dəfə 50 dollar həddini keçməsi ilə yadda qalıb.
Qiymətli metallar bazarındakı bu yüksəlişin əsas səbəbləri arasında geosiyasi və iqtisadi qeyri-müəyyənlik, ABŞ Federal Ehtiyat Sisteminin müstəqilliyi ilə bağlı narahatlıqlar, ABŞ büdcə böhranı, eləcə də birja bazarının həddindən artıq şişməsi göstərilir. İnvestorlar bu şəraitdə gümüş və digər təhlükəsiz aktivlərə yönəlməyə üstünlük verirlər.
2025-ci ilin əvvəlindən etibarən gümüşün qiyməti 73%-dən çox bahalaşıb, bu isə metala olan güclü tələbin və bazarda sabit artımın göstəricisidir.
Analitik Ross Norman bildirib:
“Gümüş bazarının maraqlı cəhəti odur ki, burada xalis uzun mövqelərin yayılması hələ də təvazökardır. Bu isə onu göstərir ki, cari qiymət artımı əsasən fundamental amillərlə dəstəklənir, spekulyativ maraqlarla deyil.”
Moskva vaxtı ilə saat 16:28-ə olan məlumata görə, spot gümüş 3,71% artaraq 1 unsiya üçün 50,669 dollar səviyyəsində ticarət olunur.