Finss.az xəbər verir ki, Ümumdünya Qızıl Şurası (World Gold Council – WGC) tərəfindən yayımlanan son hesabatda 2025-ci ilin sentyabr ayında qlobal qızıl birja fondlarına (ETF) rekord həcmdə vəsait axını qeydə alınıb. Bir ay ərzində fondlara 17,3 milyard dollar və ya 145,6 ton qızıl əlavə olunub.
Bu artım qızıl qiymətlərinin kəskin yüksəlişi və investorların təhlükəsiz liman aktivlərinə yönəlməsi ilə izah olunur. Məlumata görə, sentyabr ayının sonunda qızılın ETF-lərdə ümumi dəyəri 472,5 milyard dollara çataraq tarixi maksimuma yaxınlaşıb.
Bu da 3,837,7 ton fiziki qızıla bərabərdir ki, bu da 2020-ci ilin payızında qeydə alınmış tarixi rekorda (təxminən 3,900 ton) çox yaxın göstəricidir.
WGC analitikləri qeyd edir ki, maliyyə bazarlarında qeyri-müəyyənliklər, faiz dərəcələri ilə bağlı gözləntilər və geosiyasi gərginliklər qızılın investorlar üçün cazibədarlığını artırıb. Qızıl ETF-lərinə belə böyük həcmdə axın isə bazarın risklərə qarşı necə reaksiya verdiyini açıq şəkildə göstərir.