Finss.az xəbər verir ki, Yaponiya fond bazarı 2025-ci ilin oktyabrında böyük sıçrayışla yadda qalıb. Belə ki, Nikkei 225 indeksi, keçmiş daxili işlər naziri Sanae Takaichi-nin hakim Liberal Demokrat Partiyasına (LDP) rəhbərlik seçkilərində qələbəsindən sonra rekord səviyyəyə - 48 000 bəndə yaxınlaşıb.
Takaichi-nin qələbəsi onu ölkənin ilk qadın baş naziri edə bilər. Seçkilərdə onun mülayim fiskal və pul siyasətinə dəstək verməsi, bazarın etimadını artırıb və investorlar dövlət xərcləmələrinin artacağına dair nikbin gözləntilərlə hərəkət ediblər. Nikkei 225 indeksi bazar ertəsi sessiyada 4,75% artaraq psixoloji 48 000 həddini keçib.
Asset Management One analitiki Hitoşi Asaoka bildirib ki, “Nikkei 225-in ilin sonuna kimi 48 000-ə çatacağı proqnozlaşdırılırdı, lakin Takaichi-nin seçkilərdəki uğuru bu prosesi sürətləndirdi. İndeks gözləniləndən tez bu həddə çatdı."
Qeyd edək ki, Honq-Konq və Avstraliya fond bazarları enişlə üzləşib, Çin və Cənubi Koreya isə bayram səbəbilə bağlanıb.
Təhlilçilər həmçinin xəbərdarlıq edirlər ki, LDP hələ də parlamentdə tam çoxluğa sahib deyil, bu da yeni hökumətin planlarını həyata keçirməkdə çətinliklər yarada bilər. Bu isə Nikkei 225-in ilin sonuna qədər korreksiya ilə üzləşə biləcəyi ehtimalını gündəmə gətirir.