Finss.az - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn görüş keçirilib. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr olunmuş görüşdə biznes subyektləri, KOB dostları və startapçılar iştirak ediblər.
DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə təqdimatla çıxış edərək kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi və yaradılmış yeni texniki imkanlar, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə 2025-ci il üçün Yol Xəritəsi çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verib.
Təqdimat zamanı biznesə başlamaq üçün yaradılmış müasir qeydiyyat sistemlərinin üstünlükləri qeyd olunub. Bildirilib ki, yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib və bu yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyatı tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Həmçinin bu ilin may ayında qanunvericiliyə müvafiq dəyişikliklər nəticəsində “benefisiar mülkiyyətçi” anlayışı təsbit edilib, hüquqi şəxslərin öz benefisiar mülkiyyətçisi barədə təsdiqedici sənədlərə malik olması və təqdim edilməsi qaydası müəyyənləşdirlib.
Görüş iştirakçılarına biznesin təsis edilməsi qaydalarının təkmilləşdirilməsi, biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı məsələləri barədə ətraflı məlumat verilib, vergi ödəyicilərinin elektron qeydiyyatı istiqamətində əldə edilmiş nəticələr və bu sahədə rəqəmsallaşmanın pozitiv dinamikası təqdim edilib.
Görüş zamanı interaktiv müzakirələr aparılıb, iştirakçılar bu sahədə gözlənilən rəqəmsal yeniliklər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
