Finss.az xəbər verir ki, Çinin texnologiya nəhəngi Alibaba, süni intellekt sahəsində növbəti böyük addımını ataraq Qwen3-Max adlı ən iri AI dil modelini təqdim edib. Bu modeldə 1 trilyondan çox dəyişən (parametr) yer alır ki, bu da onu dünyanın ən inkişaf etmiş süni intellekt texnologiyalarından birinə çevirir.
Alibaba Cloudun baş texniki direktoru Zhou Jinzhen, AI sistemlərinin məlumat emalı imkanlarını genişləndirmək üçün Qwen3-Max modelinin hazırlanmasını elan edib. O bildirib ki, AI infrastrukturuna və modellərinə olan sənaye tələbi gözləntilərdən xeyli artıqdır.
Alibaba-nın CEO-su Eddie Wu isə əlavə edib ki, dünya üzrə süni intellekt investisiyalarının həcmi yaxın 5 il ərzində 4 trilyon dollara qədər arta bilər və Alibaba bu yarışda geri qalmamalıdır. Şirkət artıq AI infrastrukturuna 380 milyard yuan (təxminən 53.4 milyard dollar) investisiya qoyulacağını planlaşdırır.
Bu sərmayə fevral ayında təqdim olunmuş strateji AI planı çərçivəsində reallaşdırılacaq və Alibaba-nın süni intellekt texnologiyalarında liderliyini qoruyub saxlamasına xidmət edəcək.
Qwen3-Max modeli həm kommersiya tətbiqləri, həm də böyük verilənlərin təhlili, dil emalı, generativ süni intellekt, bulud əsaslı AI xidmətləri üçün geniş imkanlar vəd edir.
Bu addım Çin texnologiya bazarının sürətlə inkişaf edən AI sahəsində qlobal liderlik ambisiyalarını bir daha ortaya qoyur.