BİZNES

26 Sentyabr

ABŞ fond bazarlarında eniş – FED sədri Pauellin açıqlamaları investorları ehtiyatlı davranmağa vadar etdi

Finss.az xəbər verir ki, ABŞ fond indeksləri çərşənbə günü ucuzlaşıb. Bu, bazarın əvvəlki gün rekord səviyyələrə çatmasından sonra baş verib. Investorlar, həm ABŞ Federal Ehtiyat Sistemi (FED) rəsmilərinin açıqlamalarını, həm də korporativ xəbərləri qiymətləndiriblər.

FED sədri Cerom Pauell, Providensdə keçirilən tədbirdə bildirib ki, inflyasiyanın yenidən sürətlənməsi riski davam edir və bu, iqtisadi siyasət üçün ciddi çağırışlar yaradır. Onun sözlərinə görə, zəif məşğulluq artımı da əmək bazarının sabitliyinə dair narahatlıqları artırır.

Pauell qeyd edib ki, FED bu vəziyyətdə həssas yanaşma tələb edən çətin bir mərhələdədir və inflyasiya ilə mübarizə üçün ehtiyatlı siyasətə sadiq qalacaq.

Bazar iştirakçıları isə Pul-Kredit siyasətində mümkün sərtləşmə və ya faiz artımı ehtimalı fonunda riskli aktivlərdən uzaq durmağa başlayıblar. Bu da Wall Street indekslərində enişlə nəticələnib.

Fond bazarlarında baş verən son dəyişikliklər, həmçinin ABŞ iqtisadiyyatının sabitliyi və inflyasiya ilə bağlı siyasət gözləntiləri fonunda gələcəkdə də volatilliyin davam edə biləcəyinə işarə edir.