BİZNES

25 Sentyabr

Çin Polad Sənayesi üçün Yeni Fəaliyyət Planı Təqdim Etdi – Həddindən Artıq İstehsala Qarşı Sərt Nəzarət

Finss.az xəbər verir ki, Çin hökuməti polad sənayesində xroniki tədarük problemlərini həll etmək və qiymət müharibələrinin qarşısını almaq məqsədilə yeni fəaliyyət planı təqdim edib. Bu plan South China Morning Post qəzetinin yaydığı məlumata əsasən, Pekinin iqtisadi sabitliyi qorumağa yönəlmiş səylərinin bir hissəsi kimi qiymətləndirilir.

Yeni sənəd Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən hazırlanıb və bazar ertəsi dərc olunub. Sənədə əsasən, polad sənayesində əlavə istehsal gücünün artırılmasına ciddi qadağa qoyulacaq, eyni zamanda köhnəlmiş və səmərəsiz avadanlıqların istismardan çıxarılması sürətləndiriləcək.

Sənəddə vurğulanır ki, sənayenin sabitliyi üçün yalnız təklifi deyil, tələbi də idarə edən əlaqələndirilmiş tədbirlər sistemi tətbiq olunmalıdır. Bu strategiya təkcə polad sektoruna deyil, eyni zamanda həddindən artıq istehsal və rəqabətdən əziyyət çəkən digər sənaye sahələri üçün də model ola bilər.

Qeyd edək ki, son dövrlərdə Çin iqtisadiyyatında qiymət müharibələri, artan ehtiyatlar və aşağı tələbat, sənaye sektorunda balanssızlığa səbəb olub. Yeni fəaliyyət planı bu problemlərin qarşısını almağa və daha davamlı sənaye inkişafına zəmin yaratmağa yönəlib.