Finss.az xəbər verir ki, Rusiya hökuməti 2026-cı ildən başlayaraq yerli istehsal olan avadanlıq və elektron komponentlərin alıcıları üçün güzəştli kredit proqramını yenidən aktivləşdirməyi planlaşdırır. Bu barədə Sənaye və ticarət naziri Anton Əlixanov "Mikroelektronika 2025" forumunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, 2026-cı ildən etibarən Rusiya istehsalı olan elektron komponentlərin alınmasına 10%-ə qədər subsidiya təqdim olunacaq və bu güzəştli kreditləşmə proqramı ilə təmin ediləcək.
“Gələn il tətbiq etməyi planlaşdırdığımız tədbir Rusiyanın elektron komponentlərinin alınması üçün güzəştli kreditləşmədir,” – deyə Anton Əlixanov əlavə edib.
Əlixanovun sözlərinə görə, bu təşəbbüs təkcə dövlət şirkətləri və müdafiə sənayesi müəssisələri üçün deyil, geniş bazar iştirakçıları üçün də yerli istehsal komponentlərin cəlbediciliyini artıracaq.
Xatırladaq ki, buna bənzər bir proqram 2022–2024-cü illər arasında da tətbiq edilib. 407 saylı Qərar əsasında bankların güzəştli kreditlər üzrə itkiləri kompensasiya edilirdi və elektron komponentlərin alınması üçün 5%-ə qədər faizlə kreditlər təqdim olunurdu. Proqram Rəqəmsal İnkişaf, Rabitə və KİV Nazirliyi tərəfindən idarə olunmuşdu.
Yeni proqramın məqsədi Rusiya mikroelektronika sənayesinin inkişafını stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq və ölkə daxilində rəqabətqabiliyyətli texnoloji məhsulların istehsalını təşviq etməkdir.