BİZNES

23 Sentyabr

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu panel sessiyalarla davam edib

Finss.az - Paneldə dövlət və özəl sektor maliyyəsinin inteqrasiyası, investisiya üçün prioritet sahələr, suveren fondların iqtisadi artım və diversifikasiyadakı rolu müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində strateji investisiyalar, maliyyələşdirmə və səhiyyə sahələrinə dair panel müzakirələri təşkil olunub.

“Strateji investisiya və maliyyələşdirmə: Dövlət-özəl tərəfdaşlığı və sinerji imkanlarının açılması” mövzusunda keçirilən paneldə dövlət və özəl sektor maliyyəsinin inteqrasiyası, investisiya üçün prioritet sahələr, suveren fondların iqtisadi artım və diversifikasiyadakı rolu, Azərbaycan İnvestisiya Şirkəti və Sahibkarlığın İnkişafı Fondu kimi qurumların iqtisadi inkişafda töhfəsi müzakirə olunub.

Sessiyaya Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı ölkə rəhbəri Aliya Əzimova moderatorluq edib. Paneldə Bəhreyn Krallığının sabiq Əmlak naziri, İslam Maliyyə Qurumları üçün Mühasibatlıq və Audit Təşkilatının İdarə heyətinin sədri Şeyx İbrahim bin Xalifa Al Xalifa, Çinin Xarici İnkişaf Assosiasiyasının prezidenti He Zhenvei, Birləşmiş Ərəb Əmirliklərinin “Ninety One” şirkətinin Yaxın Şərq üzrə rəhbəri Nikolas Alberts, Pakistan nümayəndəsi, Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini Anar Novruzov, Böyük Britaniya İxrac Maliyyəsi qurumunun baş meneceri Kris Allum, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov iştirak ediblər.

Çıxış edənlər prioritet sektorlar üzrə investisiya cəlb etmə strategiyaları, maliyyə alətləri və innovativ həllərin tətbiqi kimi məsələlərə diqqət çəkiblər. İştirakçılar həmçinin dövlət dəstəyi və özəl sərmayələrin inteqrasiyasının ölkədə investisiya mühitinin gücləndirilməsində əhəmiyyəti, perspektivli investisiya imkanlarını genişləndirmək üçün əməkdaşlıq şəbəkələrinin roluna dair fikirlər səsləndiriblər.

Azərbaycan Biznesin İnkişafı Fondu (ABİF) ilə Basalt Group MMC və ARGS Holding MMC arasında Birgə İştirak müqavilələri imzalanıb. Sənədləri müvafiq olaraq ABİF-in baş direktoru Yasin Cəlilov, Basalt Group MMC-nin direktoru Rüfət Bağırov, ARGS Holding MMC-nin icraçı direktoru Emil Həsənov imzalayıblar.

“EelElectric” MMC ilə ABB Group (Türkiyə) arasında Modulyar Panel Sistemlərinin quraşdırılmasına dair Müqavilə imzalanıb. Müqaviləni “EelElectric” MMC-nin direktoru Vüsal Mirzəyev və şirkətin ölkə meneceri Mahmud Rzayev imzalayıblar.

Sessiyada media nümayəndələrinin sualları cavablandırılıb.